– Sizin Danimarka cəmiyyətinə inteqrasiya təcrübənizdən başlayaq. Ola bilsin, inteqrasiya çətinlikləri yaşayan emiqrantlarımız üçün faydalı olsun. Siz axı sovet dövründə, Sovet İttifaqından köç eləmisiniz. Ölkəniz – Azərbaycan SSR sizin üçün qəfildən müstəqillik qazananda siz artıq burada idiniz və qısa müddətdə çox şeyə nail oldunuz. Əlbəttə ki, geriyə qayıtmaqdan söhbət gedə bilməzdi. Vətəninizdə dəhşətli hadisələr baş verirkən siz belə uzaq diyarlarda necə kök sala bildiniz? Bütün bu proseslər qəliz adaptasiya dövründə sizə necə təsir elədi?
– Ən birinci, mən başa düşdüm ki, istənilən cəmiyyətə açar – yerli dili bilməkdir. İkincisi, gərək öz qarşına məqsəd qoyasan və belə bir suala aydın cavab tapasan ki, mən bu cəmiyyətdən nə gözləyirəm, özümü illər sonra harda təsəvvür edirəm? Mənim mücərrəd hisslər, həyəcan və düşüncələr üçün yetərincə zamanım olub. Anlayırdım ki, ilk işim yeni mühitdə oturuşmaq olmalıdır və yalnız bundan sonra özünə, yaşayacağın yeni ölkəyə və həmçinin, tarixi vətəninə faydalı ola bilərsən. Ona görə də mən dərhal peşəmə uyğun olan istənilən bir işi axtarmağa başladım. Tezliklə onu tapdım və fəal şəkildə yerlilərlə ünsiyyətdə olmağa, dili inkişaf etdirməyə, adamların mentalitetini öyrənməyə başladım.
Danimarka dili tələffüzcə mürəkkəbdir. Odur ki, tələffüz və yazılı danışıq kurslarına yazılası oldum. Gündüz işləyir, axşamlar isə məşğələlərə gedirdim. İlk olaraq könüllülük əsasında, heç bir əməkhaqqısı olmayan iş seçdim: hər gün xəstəxanaya gəlir, iclaslarda iştirak edir, xəstələrə baş çəkirdim, mənə tapşırılan bütün işləri görürdüm. Tibbi mühitdə Danimarka dilini öyrənmək mənim üçün əlavə üstünlük idi, nəinki əməkhaqqı. Bir il sonra mən artıq imtahan verdim. İmtahan sirrozun başlı-başına buraxılan formasından əziyyət çəkən pasiyentin qəbulu, müayinəsi, müalicənin təyinatı və onun uçotu ilə bağlı idi. İmtahandan sonra əlimdə dəstə-dəstə sənədlər həkim qəbulu otaqlarına başçəkmələr başladı. Təmaslara girmək, özünü göstərmək, işəgötürənlərdə pozitiv təəssürat yaratmaq lazım gəlirdi. Axı mənim adım, diplomum onlara heç nə demirdi. Onlar namizəd haqda əlavə informasiyaya, onlarla canlı təmasa ehtiyac duyurdular – hansı təmaslar ki, “gəlmə” haqda bütün stereotipləri, ştampları kənara atmağa, məni ciddi şəkildə qiymətləndirməyə kömək elədi.
Yeri gəlmişkən, mənə ilk işi, yarım il qabaq məndən həmin o imtahanı qəbul edən həkim verdi. Bir ay sonra artıq başqa bir professorun qapısını döydüm və cərrahiyyədən imtahan verdim. Mənim elmi karyeramın ilk illərində üst-üstə düşən iki maraqlı məqam budur. Ancaq harda işləyirdimsə işləyim, məni bir an belə bu fikir sakit buraxmırdı: mən nevrologiya ilə məşğul olmalıyam, məndə yalnız buna dərin həvəs vardı. Milli Hospitalda nevrologiya professoru ilə söhbət ömürlük yaddaşımda qaldı. Professor ilk olaraq mənə bunu dedi: “Mən sizi elə görmək istəyirdim ki. Ona görə sizi söhbətə dəvət eləməli oldum”. Sən demə, onu mənim cavanlığım və karyerada sürətli yüksəlişim heyran edibmiş. “Danimarkada tibbə 16 yaşında gəlmirlər və belə tez həkim olmurlar. Burada nəsə var və siz qəbul edildiniz,” – demişdi.
– Nə vaxtsa özünüzə qarşı, tutaq ki, peşəkar həyatınızda diskriminasiya hiss etmisizmi?
– Nəinki hiss eləməmişəm, ümumiyyətlə, görməmişəm. Ancaq mən məişət diskriminasiyasını həmişə iqnor eləmişəm və çox tez də yaddan çıxarmışam. Bunların hamısı həyatın xırdalıqlarıdır. İnsan həmişə özününkülərə – ailə üzvlərinə, qohumlarına, xalqına daha yaxın olur. Bu, tamamilə təbiidir və belə şeylərdə ilişib qalmağa dəyməz. Azərbaycanda kimin xoşuna gələr ki, kimsə kənardan öz nizamnaməsi ilə gəlsin və öz qaydalarını bərqərar eləmək istəsin? Biz buna avropalılardan daha sərt reaksiya verərik, burası dəqiqdir.
Peşəkar həyatımda diskriminasiya ilə rastlaşmamışam. Hələ karyeramın əvvəlində mənimçün çox mühüm bir hadisə olmuşdu – işə iddiaçılar arasında əcnəbi bircə özüm idim, yerdə qalanların hamısı yerli adamlar idi. Komissiya seçimi mənim üzərimdə elədi. Bu da yalnız o demək idi ki, bu ölkənin tibb cameəsində mövhumata yer yoxdur. Danimarka gerçəkdən də hər kəsə inkişaf eləmək, artmaq şansı verir.
Anlaşılmazlığın daha bir səbəbi bilirsizmi nədir? Bu – Şərq insanının subordinasiya anlayışına münasibəti və ya onun iyerarxik dünya görüşüdür, hansılar ki, Danimarkada, sadəcə, işləmir. Burada işləməyə başlayanda dərk eləmək lazımdır ki, kiçik tibb personalı – ora-bura qaçan oğlan və qız uşaqları deyil ki, onlara əmr edə və nazları ilə oynamaya biləsən. Belə münasibət burada, sadəcə, mümkünsüzdür. Əgər sən hər halda özünü məqbul aparmırsansa, o zaman etiraz aktı ilə üzləşirsən və bunu özünə, gəlmələrə qarşı diskriminasiya kimi qələmə verməli deyilsən. Hətta kiçik tibb personalına əmr verməyə vərdiş eləmiş alman həkimləri burada və ya İsveçrədə vəzifəsindən, mövqeyindən asılı olmayaraq həmkarlar arasında bərabərlik dozasından rahatsız olurlar. Hamı bir-birinə “sən” deyir.
– Bizim insanın emiqrasiyaya qədərki gündəlik həyatında adətən spontanlığa, boş-bekarçılığa çox yer verilir və birdən sərt struktur çərçivələrinə düşəndə bizim insanın öz-özü ilə, cəmiyyətlə konflikti başlayır, məyusluq özünü göstərir. İdentikliklə bağlı tez-tez şüuraltı da olsa, üzücü düşüncələrə yol açılır. “Hər halda biz başqayıq” deyirlər. Vətən xiffəti düzgün seçimdə şübhələri didib-dağıdır. Mən bir neçə gənc tanıyıram ki, məhz məişət fərqliliklərinə dözməyərək Azərbaycana qayıdıblar. Avropa onlardan ötrü oriyentir ola bilmir, onlar məyusdurlar və orada özlərini tapa bilmirlər. Bu, sanki müasir dövrün epidemiyasıdır…
– Onlar tələsiblər. Çünki Azərbaycan da tezliklə başqa olacaq. O, artıq başqadır. Bir çox şeylər ki, bütün həyatımız boyu bizə “təmiz azərbaycansayağı” görünüb, artıq yoxdur. Di gəl, inersiya üzrə biz Bakıya inanmağa davam edirik ki, orada adamlar qapını cəftələmir, bütün qonşular bir-birinə inanır, güvənir və axşamlar Çinar altında çay süfrəsi açırlar. Dəfədən-dəfəyə həmin o spontanlıq, boş-bekarçılıq azalır və azalmalıdır. Başa düşmək lazımdır ki, biz də dəyişir, zamanla ayaqlaşırıq. Azərbaycanlılar tədricən daha mütəşəkkil olurlar. Hətta nəqliyyat cədvəl üzrə hərəkət etməyə başlayanda beyinlərdə inqilab baş verir. Addım-addım, 10-20 il sonra azərbaycanlılar tam başqa, yəni daha yaxşı olacaqlar. Nə qədər radikal olsa belə, müxtəliflikdən qorxmaq lazım deyil. Biz özümüz də Avropada öz ətrafımıza təsir edirik. İş yerində ünsiyyət zamanı mənim azərbaycanlı temperamentim çoxlarına xoş gəlir, həmkarlar bunu qiymətləndirirlər. Onlara elə gəlir ki, mən onların cəmiyyətlərinə yeni, əlavə nəsə bəxş edirəm – lap olsun ki, ekzotik xarakterli. Əsas odur ki, yenilik işləyir və sistemə harmonik şəkildə uzlaşır. Onlar bunda pozitiv görürlər.
– Yadıma gəlir ki, 3 il qabaq Kopenhagendə söhbət zamanı siz belə bir ifadə işlətmişdiniz: “Danimarkalıların kritik düşüncə tərzi məni valeh edir”. Fürsətdən istifadə edib soruşmaq istərdim: Sizcə, Danimarkanı Avropada və Skandinaviya ailəsində fərqli edən nədir? Onun “fişka”sı nədir?
– Danimarka – unikal ölkədir, xüsusən də sosiologiya ilə məşğul olanlar üçün. Sosioloqlar bu ölkənin özəlliklərini öyrənməkdən zövq alardılar. Şübhəsiz ki, suallara cavablar var – necə olub ki, onlar belə güclü inkişaf ediblər, xoşbəxtlik reytinqlərində daima birinci üçlükdə qərar tuturlar? Fikrimcə, izah mədəni radikallıqda axtarılmalıdır. Məsələ ondadır ki, onlar öz mentalitetlərini inqilabi yolla dəyişdilər, onu sındırdılar.
Sizin təbirinizcə desək, Danimarkanın fişkası – onun ictimai debatlar ənənəsindədir. Onlar həmişə və hər yerdə debat edir və inanırlar ki, həqiqət mübahisələrdən doğulur. Onlar bundan qorxmurlar. Çünki bu, bütün sahələr üzrə inkişafa təkan verir. Sayı 6 milyona çatmayan əhali və hər şeydə belə fantastik inkişaf səviyyəsi! Danimarkada uğurun rəhni məhz kritik düşüncə və debatlardır. Əlbəttə ki, onların qabarıq şəkildə özünü göstərən həmrəylik hissi kimi özəlliyini də unutmaq olmaz. Danimarkalılar prinsip etibarilə razılaşa bilmirlər ki, kimsə kasıbçılıq həddindən aşağı yaşaya bilər. Sosial müdafiə nəhəng xərclər, müvafiq olaraq böyük vergilər tələb edir. Ancaq danimarkalılar deyinsələr belə, onlar üçün sevimli olan bu sistemin fəaliyyət göstərəcəyi düşüncəsi ilə onu ödəməyə hazırdırlar.
Belə bir situasiya təsəvvürə gətirin. Mən miqrenlə bağlı eksperimentlər keçirirəm və bundan ötrü kənardan könüllülər cəlb edirik, onlarda süni başağrıları yaradırıq. Mən onlardan soruşuram: nədən belə eksperimentlərə razı olursunuz, axı, mən sizdə başağrısı yaradıram? Cavab verirlər ki: “Biz bura ona görə gəlirik ki, başqaları əzab çəkməsin, bizim uşaqlar belə şey yaşamasınlar. Ona görə istəyirik, siz bu bəlaya qarşı vasitə tapasınız”.
Mən bunu yüksək dərəcədə altruizm (başqalarının rahatlığı naminə özünə əziyyət vermək) adlandırıram. Həmrəylik və cəmiyyət qarşısında məsuliyyət hissi. Etiraf edim ki, belə bir sistemin tərkib hissəsi olmaqdan qürur duyuram.
– Danimarkada keyfiyyət və kəmiyyət baxımından Azərbaycan faktorunun mövcudluğu haqda nə deyə bilərsiniz? Bizim ölkəmizdə tez-tez haqqında danışılan lobbizm nədir və o, Avropada azərbaycanlı diasporun azsaylı olması şəraitində yarana bilərmi?
– Bizim diasporumuz həqiqətən də azsaylıdır. Mən Azərbaycan Respublikasından gələnləri nəzərdə tuturam, İran əsilli etnik azərbaycanlıları yox – hansılar ki, Danimarkada yetərincə çoxdur. Danimarkada birinci nəsil azərbaycanlıların inteqrasiyasını müsbət işarə ilə qiymətləndirmək olar. Amma bizimkilərin hansısa dərin inreqrasiyasından, tutaq ki, tibbi məkana, hüquq və ya siyasi sistemə inteqrasiyasından danışmağa dəymir. Burada nüfuzlu azərbaycanlılar, demək olar, yoxdur. Ona görə də stavkalar növbəti nəsillərə, uşaqlarımıza edilməlidir, hansıları ki, yönəltməyə, inkişaf etdirməyə, onlarda maksimal professionalizm tərbiyə eləməyə borcluyuq. Ki, öz sahələrində onlar zirvələrə nail olsunlar. Yalnız bundan sonra hansısa effektli diaspordan danışmaq mümkündür. Lobbiyə gəlincə, o yalnız o vaxt yaranır ki, diasporun çoxsaylı üzvləri ölkənin bütün ictimai-siyasi sferalarında, mədəni və iqtisadi həyatında təmsil olunsunlar. Necə ki, ABŞ-ın yəhudi və ya yunan diasporu təşkilatlanıb.
– Bizim bir ümumi tanışımız necəsə mənə demişdi ki, “Məsud Aşinanın tək özü elə Danimarkada böyük bir lobbi deməkdir”. Bu iddia ilə razısınızmı?
– Bizim ümumi tanışımıza şişirtmək vərdişi xasdır. Yəqin ona görə belə deyib ki, mən Azərbaycanı bütün dünyada təmsil eləməkdən böyük zövq alıram. Bütün tibbi karyerama görə Danimarkaya borcluyam. Ancaq mənim üçün bioqrafiyamda “İlk tibbi təhsilini Azərbaycanda alıb” frazası çox mühüm əhəmiyyət daşıyır. Mənə beynəlxalq konfranslarda yaxşı mənada təəccüblənən həmkarlarımı görmək xoşdur – hansılar ki, suallar verir, Azərbaycanla maraqlanırlar. Onlara özümüz haqda, bizim istedadlı gənc həkimlərimiz haqda, ölkənin intellektual potensialı haqda danışmağın özü bir zövqdür. Azərbaycan gəncliyi bizim sərvətimizdir və bu sərvətlə düzgün, bacarıqlı və ehtiyatla rəftar eləmək gərəkdir.
– Həmkarlarınız ən çox sizə hansı sualları verirlər? Siz bütün dünyanı gəzir, çoxlu sayda adamlarla, necə deyərlər, tibb elminin nəhəngləri ilə görüşürsünüz. Onları ilk növbədə nə düşündürür? Azərbaycanın problemləri haqda bilmək istəyirlərmi, yoxsa onları yalnız pozitiv gündəm maraqlandırır?
– Xarici həmkarlarla Azərbaycan siyasi həyatına baş vurmaq kimi hal yadıma gəlmir. Bu, heç kimi maraqlandırmır. Bu da anlaşılandır. Çünki söhbət elmi elitadan gedir. Bu elitanı da tamamən ayrı aspektlər ilgiləndirir, nəinki siyasət. Onlar böyük həvəslə ölkənin tarixinə diqqət yetirir, Azərbaycanda tibbi məktəb haqda, bizim elmi ənənələrimiz barədə soruşurlar. Hər fürsətdə mən onları bizim gənc mütəxəssislərlə tanış edirəm, onlar arasında təmas olmasına çalışıram – hansı təmaslar ki, elmi dairələrdə vacibdir. Ona görə bakılıların tıxaclarda ilişib qalan narazılığını anlasam da, mən cəsarət edib hakimiyyətin ölkəni hər cür beynəlxalq tədbirlər üçün meydançaya çevirmək siyasətini dəstəkləyirəm. Ancaq düşünürəm ki, zamanında kommersiya layihələri öz yerini beynəlxalq səviyyəli elmi layihələrə verməlidir. Bu – ümumdünya elm cəmiyyəti tribunasından özünü tanıtmaq imkanıdır.
– Keçən il dünya nevrologiya elitası sizi Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin (International Headache Society) prezidenti seçdi. 2019-cu ildən bu vəzifəyə başlayacaqsız. Bu münasibətlə sizi təbrik edirəm. Siz həm də Baş Ağrıları Avropa Federasiyasının katibi və əlbəttə ki, Danimarka Baş Ağrıları Cəmiyyətinin prezidentisiniz. Yəni dünya tibb elmində çox mühüm personasınız və mən bizim çoxillik dostluğumuzla hədsiz qürur duyuram. Ancaq söhbətimizə bir az intriqa qatıb belə bir şey haqda da soruşmaq istəyirəm. Düşünürəm ki, bu müsahibəni minlərlə adam oxuyacaq və kimdəsə mütləq belə bir sual doğacaq: niyə sizin kimi şəxsiyyət Azərbaycanda deyil və öz ölkəsinə fayda gətirmir? Bu kimi suallara adətən necə cavab verirsiniz?
– Fiziki olaraq hər kəsin “yaxında” olması şərt deyil. Azərbaycanda baş ağrıları üzrə çoxlu gözəl həkimlər, mütəxəssislər var – hansılara ki, arxayın müraciət eləmək olar. Bunu bütün məsuliyyətimlə deyirəm. Mən Bakıda çoxlu sayda gözəl, bacarıqlı və istedadlı həkimlər tanıyıram və bu gənc mütəxəssislər bizim fəxrimizdir.
Zənnimcə, Azərbaycanda yeganə nöqsan, bu problemlə məşğul olan mərkəzlərin olmamasıdır. Belə mərkəzlər bizim əsas şəhərlərimizdə, məsələn, Bakıda, Qubada, Gəncədə, Lənkəranda fəaliyyət göstərməlidir. Axı, bizim mütəxəssisləri hazırlamaq və vətəndaşlara xidmət sistemi işləyib hazırlamaq tamamilə mümkündür. Bu sistem dövlət sığortası əsasında işləyəcək, yoxsa özəl olacaq, bilmirəm. Əsas odur ki, əhali düzgün müalicə alsın.
Son vaxtlar ölkədə ən son texniki avadanlıqlarla təchiz edilmiş yeni xəstəxanaların sayı hissediləcək dərəcədə artıb. Bu, yaxşı tendensiyadır. Ancaq problem ondadır ki, bütün bu klinikalar, demək olar, özəldir. Orada kim və necə müalicə alacaq – özəl əsasda, yoxsa sığorta ilə? Tutaq ki, xəstənin stend qoyulmasına kəskin ehtiyacı var. Bu əməliyyata o, sığorta olmadan necə nail ola bilər? Tibbi sığorta mütləq şərtdir və bu problemi həll eləmək lazımdır. Eyni zamanda dövlətə bağlı universitet klinikalarının nüfuzunu qaldırmaq lazımdır. Onlar özəl klinikalarla rəqabət aparmalı və daima yüksək səviyyədə olmalıdır.
– Sizdən öz sahəniz olan miqren barədə soruşmaq istəyirəm. Azərbaycanda adətən istənilən davamlı baş ağrısını miqren sayırlar. Dünya və Azərbaycan üzrə real statistika necədir? Məlumdur ki, siz elmin bu sahəsinin inkişafı üçün beynəlxalq miqyasda çox şey etmisiniz. Bu bəlanın mahiyyəti və müasir nevrologiyanın imkanları haqda danışardınız.
– Miqrendən başlayım. Vaxt var idi miqreni qadınla assosiasiya edirdilər, pasiyentləri isterik adlandırır, onlara preparat qəbul eləməyi və uzanmağı təklif edirdilər. Guya ki, keçəcək. Buna ciddi yanaşılmadı. Bu gün dünya stereotiplərdən qurtulub və miqren beynin fərd üçün böyük önəm daşıyan ciddi xəstəliyi kimi qəbul olunub. Xəstəlik bədxassəli olmasa da, yəni öldürməsə də, xeyli dərəcədə şəxsiyyəti şikəst edir, insanın işgüzarlığına ziyan vurur, onu əldən salır, fəaliyyətini məhdudlaşdırır. Həyatın ən produktiv illərində, gücün, enerjinin aşıb-daşdığı dövrdə miqren çox tez-tez qadınlarda rast gəlinir. 20-50 yaşda qadın, təsəvvür edin, hansı ki, hər ay bu ağrını bir neçə gün ərzində yaşayır. Bu günləri təqvimdən silmək olar. “Lancet” jurnalında dərc olunan son tədqiqatların nəticələri göstərir ki, miqren insanı ən çox əldən salan xəstəliklər siyahısında ikinci yeri tutur.
Azərbaycana gəlincə, statistikaya görə, əhalinin 12%-i miqrendən əziyyət çəkir. Bu, böyük rəqəmdir. O insanların əksəriyyəti ayda minimum 1-2 gün işə çıxmır, özü də xatırladım ki, həyatının ən enerjili çağında. Bəs bütün bunlar cəmiyyətə neçəyə başa gəlir? Azərbaycanı deyə bilmərəm, Avropa Birliyində bu rəqəm ildə 27 milyard avro təşkil edir. Xəstələrin əzabları da öz yerində.
Miqrenin bioloji mexanizmi var. Bioloji kökü ilə yanaşı, o, genetik əsasa malikdir. Əfsus ki, bu sahənin öyrənilməsində elm, hələ ki, geri qalır. Miqren – gəlib-qayıdan xəstəlikdir. Heç kim deyə bilməz ki, tutmalar nə vaxt başlayacaq. Qadınların 25 faizində aybaşı zamanı rast gəlinir. Orqanizmin ona reaksiyası güclüdür – güclü pulsasiyalı ağrı, ürəkbulanma, səsdən və işıqdanqorxma. Pasiyent yalnız passiv oturmaq və uzanmadan savayı heç nə edə bilmir. Heç kimi eşitmək və görmək istəmir. Mənim təcrübəmdə hətta həftədə bir dəfə belə hala düşənlər olub. Dünya əhalisinin 2-3 faizi bu ağrıları həftədə bir dəfə keçirir.
Amma yaxşı xəbərlər də var. Bu il biz, ABŞ-da preparat qeydə aldırdıq. Bu, miqren üçün əhəmiyyət daşıyan molekullara qarşı bioloji antitellərdir. Ayda bir dəfə inyeksiya ilə müalicə edəcəyik. Çünki preparatın təsiri biraylıqdır. Bəli, bu – prosesdir. Ancaq başa düşmək lazımdır ki, bu preparat müalicə eləmir, yalnız miqrenin qabağını alır və təəssüf ki, yalnız 60-70% xəstəyə kömək edə biləcək. Ancaq biz başqa preparatları da sınaqdan çıxarırıq. Onların da effektli olacağını gözləyirik.
– Doktor, bu gün vətənpərvərlik postmodernə məğlub olub. Bu gün yalnız siyasətçilər onu yada salmağı və “vətənpərvər ruhda tərbiyə”nin inzibati tətbiqini xoşlayırlar. Sizcə, ümumiyyətlə, məsələn, valideynləri necə sevmək və dəyərləndirməyi öyrənmək olar? Məgər aid olduğun coğrafiyaya bağlılıq hissi təbii deyil ki? Niyə söz çox, iş azdır? Sizdən ötrü vətənpərvərlik nədir?
– Məhz yuxarıdakı səbəbdən mən də bu sözü sevmirəm. Həddən ziyadə o, gözdən salınıb, sıradan çıxarılıb. Azərbaycanı necə görmək istəyirəm? Cavab sadədir: öz xalqına xeyir vermək istəyən, ona yaxşılıq arzulayan adamlar öz plan və ideyalarını həyata keçirmək üçün imkanlara malik olmalıdır. Belə şəraiti yaratmaq isə dövlətin vəzifəsidir – bax, o vaxt iş görüləcək, patriotizm haqda az danışılacaq. Gəncliyə inkişaf etməyə imkan vermək və kömək eləmək lazımdır. Gəncliyi incitmək yox, əzizləmək və motivasiya eləmək gərəkdir. O zaman dövlətə, vətənə sevgi öz-özünə yaranacaq.
Mənə görə vətənpərvərlik, bir alim olaraq, öz xalqım qarşısında borcumdur. Bunu mənə heç kim öyrətməyib, izah eləməyib. Biliyimi, təcrübəmi paylaşmaq və həmvətənlərin biliklərini zənginləşdirmək ehtiyacı mənim özümdə sakitcə kök salıb. Tam ciddi deyirəm: Azərbaycan – yaxşı, ağıllı adamların ölkəsidir. Azərbaycanlıların əksəriyyəti düzgün düşünür, düzgün şeyləri deyir. Mən onların bu səmimiyyətini, işləmək və topluma fayda vermək istəyini müşahidə eləmişəm. Biz öz vətəndaşlarımızı müdafiə eləməli, İsrail nümunəsindəki kimi həvəsləndirməliyik. Fikrimcə, bu, bizim üçün yaxşı oriyentirdir. Bizim kompakt ölkəmizdə tərəqqi üçün hər cür şərait yaratmaq olar. Bundan ötrü insanların istəyi, bütün digər ilkin şərtlər də var.
– Siz belə bir şey demişdiniz ki, “Azərbaycan 20-ci əsrin layihəsi kimi baş tutub və 21-ci əsrə möhkəm qədəm basıb”. Amma bilirsiniz, Azərbaycanın prinsipcə bir dövlət olaraq mövcudluğu ilə razılaşmayanlar da var. Onlar bunu “anlaşılmazlıq”, “Stalinin səhvi”, nə gəldi adlandırırlar. Azərbaycanlılar isə özlərini müasir, gənc, perspektivli millət kimi göstərmək əvəzinə, müdafiə olunmaq, əks arqumentlər gətirmək, tam yad, lazım olmayan müstəvilərdə oynamaq, qədimliyə istinad eləmək zorunda qalırlar, sanki yalnız qədimilik bu ərazilərdə yaşamaq haqqı verir. Sizcə, bizə öz unikal yolumuz gərəkdirmi, həyatımızı qəlizləşdirmirikmi?
– Nəyə işarə etdiyinizi anladım. Məni əsla maraqlandırmır ki, başqaları haqqımızda nə düşünür. Biz azərbaycanlılar özümüzü səfərbər eləmişik və dövlət qurmuşuq. Bu fakt intellektual potensialdan, quruculuğa can atmadan və bizim xalqın iradəsindən xəbər verir. Biz, hələ ki, özümüzün axtarışındayıq və tarixdə hələ hər şeyi deməmişik. Ura-vətənpərvərlik lazım deyil, konkret işlə məşğul olmaq lazımdır. Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır, ondan brilyant düzəltməliyik. Əlbəttə ki, bu yolda obyektiv çətinliklər – mürəkkəb geosiyasi situasiya, bizi əhatə edən dövlətlərin oyunları, fitnə-fəsadları, bədniyyətlilər və s. problemlər var. Amma biz ruhdan düşməməliyik. Heç bir halda heç kim qarşısında əyilməməli, alçalmamalıyıq. Biz bütün qonşulara hörmətlə yanaşırıq, balanslı xarici siyasət aparırıq, daxili potensialımızla məşğul oluruq, neytrallığımızı bəyan edirik və qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə dünyaya innovasiyalar, “beyin” ixrac edəcəyik. Bizim yolumuz elə budur və ondan bizi döndərə bilməzlər. Bu ideyaların və məsələlərin həyata keçməsi üçün nə lazımdır? Ərazi, iqtisadiyyat, intellektual ehtiyat və istək. Hamısı da bizdə var və ən başlıcası – istənilən azərbaycanlı heç vaxt durğunluğun yox, inkişafın tərəfdarıdır.
Söhbətləşdi Ələkbər Əliyev